Qubada maliyyə və iqtisadiyyat üzrə Tələbələrin Qış Universiteti təşkil olunub

Qubada maliyyə və iqtisadiyyat üzrə Tələbələrin Qış Universiteti təşkil olunub. 

Təhsilin İnkişafı Fondunun dəstəyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı və “BRIDGE Academy” şirkətinin təlim tərəfdaşlığı ilə 3-7 fevral tarixlərində təşkil olunan Qubada maliyyə və iqtisadiyyat sahələri üzrə tələbələrin “WinterCamp 2023” Qış Universiteti yekunlaşıb. 

Qış Universitetində iştirak üçün 500-ə yaxın müraciət qeydə alınıb, qeydiyyat və müsahibə mərhələlərindən sonra 35 tələbə iştirak imkanı əldə etmişdir. Tədbirin açılışında İctimai Birliyin sədri Leyla Zeynalova Qış Universitetinin keçirilməsində əsas məqsədin tələbələrin asudə vaxtlarının daha səmərəli və faydalı təşkilinə şərait yaratmaq, əlaqəli ixtisaslar üzrə təhsil alan tələbələri dərsdən kənar mühitdə bir araya gətirərək onlar arasında kommunikasiyanın daha da möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin artırılması və inkişaf etdirilməsi istiqamətində xüsusi rol oynayacağını vurğulayıb.

Tədbirin ilk spikeri Warwick Business School məzunu, SOCAR, İqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi şöbəsi, iqtisadçı, UNEC, İSE, müəllim - Nuray İsgəndərovanın təqdimatında “Maliyyə uçotunun əsasları” mövzusu üzrə 2 hissəli məlumat və təlim sessiyası həyata keçirilib.

Düşərgənin ikinci günü II “Yüksəliş” müsabiqəsinin qalibi Hüseyn Mahmudovun  və "The Bankers Club" qurucusu və rəhbəri Rüfət Kərimovun təqdimatında “İqtisadiyyata giriş” və “Bank sektorunun iqtisadiyyatda rolu” mövzuları üzrə informativ sessiya və startap təlimləri təşkil edilib.  

Düşərgə çərçivəsində növbəti günlərdə Böyük Britaniyanın Bristol Universitetinin məzunu, II “Yüksəliş” müsabiqəsinin qalibi Elmir Hüseynov, Böyük Britaniyanın Lester Universitenin məzunu, I Yüksəliş müsabiqəsinin qalibi Ziya Mürsəlzadə, və Böyük Britaniyanın York və Fransanın Starsburq universitetlərinin məzunu, II “Yüksəliş” müsabiqəsinin qalibi Əli Əhmədov, büdcə və maliyyə modelləri üzrə baş mütəxəssis Orxan Talıbzadə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşı Elmar Hacıyevin təqdimatında “Azərbaycan vergi qanunvericiliyinə giriş”, “İdarəetmə uçotunun prinsipləri”, “Daxilə auditə giriş”,  “Maliyyə modelləri və şirkətin qiymətləndirilməsi” və “Maliyyə savadlılığının artırılması”  mövzuları üzrə 2 hissəli məlumat və təlim sessiyaları həyata keçirilib.

Daha sonra gənclər asudə vaxtın səmərəli və  faydalı təşkili, həmçinin Qubanın əsrarəngiz təbiət mənzərələrini seyr etmək məqsədilə İkinci Nügədi kəndindəki Çənlibel gölünə səyahət ediblər.

Düşərgənin sonuncu günü bağlanış mərasimində çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin sektor müdiri Səbuhi Rzayev gənc tələbələrin innovativ potensialını stimullaşdırmaq, onların elmi və nəzəri biliklərini artırmaq və bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün peşəkar mütəxəssislərin, spikerlərin və təlimçilərin cəlb edilməsiylə qış və yay düşərgələrinin mütəmadi təşkil edilməsinin əhəmiyyətindən bəhs edib. Sonda təlim iştirakçılarına sertifikatlar, müxtəlif mükafatlar təqdim edilib.

Məlumat üçün bildirək ki, düşərgəboyu tələbələrin fiziki hazırlığını təmin etmək məqsədilə hər səhər məşqçi-müəllimlərin və idman mütəxəssislərinin dəstəyi ilə tələbələr üçün 1 saatlıq bədən tərbiyəsi dərsləri keçirilib.

Axşam saatlarında isə asudə vaxtın səmərəli təşkili məqsədilə iştirakçılar arasında hər gün məşqçi-müəllimlərin müşaiyəti ilə voleybol, stolüstü tennis yarışları keçirilir. Günün sonunda isə tələbələr üçün sənədli film nümayişi, müxtəlif əyləncəli oyunlar, maraqlı simulasiya yarışları, intellektual fəaliyyətlər və s. təşkil olunub.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az