YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin "Mövcudluqda ünsiyyət" adlı fərdi retrospektiv sərgisini təqdim edir.
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Sərginin müddəti: 26 may – 16 oktyabr
Giriş ödənişsiz, COVID pasportu ilədir
YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin ilk genişmiqyaslı muzey sərgisini təqdim edir. Fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 250-ə yaxın rəngkarlıq və qrafika əsərləri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edərək, onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirir. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunur.
“Mövcudluqda ünsiyyət” Ucal Haqverdiyevin “məkanda olması” ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün bucaqlarını işıqlandıraraq, onunla səssiz “dialoqda” olmaq imkanını təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın məkana “müşahidə” və “nəzarət” etməsi konseptindən çıxış edir. Bu “ünsiyyət” Ucalın “mövcudluğunu” hiss etdirir.
Ucalın daxili aləmindən bəhs edən ekspozisiya, rəssamın şəxsiyyətinin və yaradıcılığının bütün aspektlərini əks etdirməklə, həm də onun daima yeniliklər axtarışında olan mükəmməl kolorist və rəsm bilicisi kimi də təqdim edir. Ötən əsrin 80-ci illərində yaradıcılıq yolunu başlayan Ucalın müxtəlif janr, istiqamət və növlərdə bədii axtarışları/eksperimentləri məlumdur. Təkcə vizual axtarışlarla deyil, həm də tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik mövzulardan savayı (insanlar, heyvanlar, təbiət, əşyalar və s.) təxəyyül və yuxular, Şərq fəlsəfəsi və dini mövzulara ciddi istinadlar edir. Bu axtarışların nəticəsində Ucal bənzərsiz dəsti-xətti ilə müstəsna vizual dilini yaradaraq, öz müxtəlifliyində heç kimə bənzəməyən rəssam kimi incəsənət tarixində qalıb.
O, həyatının son 5 ilini Bakıda yerləşən Mixail Arxangel kilsəsinin divar rəsmlərinin çəkilməsinə həsr etmişdir. Ölümündən sonra yarımçıq qalmış işini onun həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva tamamlamışdır.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Rəssam haqqında
Ucal Haqverdiyev (1960-2004) Haqverdiyevlər rəssamlar ailəsinin nümayəndəsidir. 1979-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirmişdir. O, atası Həsən Haqverdiyevin ölümündən sonra, Kamal Əhmədi və Sənan Qurbanovu özünə müəllim sayıb. U. Haqverdiyev, İtalyan İntibahı, eləcə də neoimpressionizm, kubizm və fovizm kimi modernizm üslubları, həmçinin “Qacar” rəsm məktəbindən ilhamlanıb.
Ucal Haqverdiyevin əsərləri Rusiya, Gürcüstan, BƏƏ, Fransa, Tunis, Avstriya, Almaniya və Türkiyədə sərgilənib; ABŞ, Avstriya, Almaniya, Finlandiya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur