Məlumdur ki, cəmiyyətin ən həssas və daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqəsi əlilliyi olan şəxslərdir. Onların hüquqlarının təmin edilməsi qarşıda duran vacib məsələlərdəndir. BMT-nin statistikasına əsasən, dünya əhalisinin 15%-ini, Azərbaycan Respublikası əhalisinin isə 6%-ini əlilliyi olan şəxslər təşkil edir. Uzun müddət cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı münasibət tibbi yanaşma modeli baxımından, yəni “cəmiyyətə yararlı olmayan üzv kimi” olmuşdur ki, bu da onların cəmiyyətə hüquq və imkan bərabərliyi prinsipi əsasında inteqrasiyasını məhdudlaşdırmışdır. Eyni zamanda, cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı belə bir münasibət formalaşmışdır ki, onlar evdə oturmalı və içtimai yerlərdə görünməməlidirlər. Çünki onlar müvafiq iş yerlərində və təhsil müəssisələrində digər şəxslərlə birgə işləyə və ya təhsil ala bilməzlər. Bu yanaşma isə cəmiyyətdə onlara qarşı xeyriyyəçi yanaşmanın deyil, mənəvi modelin formalaşdırılmasını zəruri edir. İnklüziv təhsil 6. (Məlumat kitabçası (“Regional İnkişaf” İctimai Birliyi Bakı şəhəri, Mikayıl Müşfiq küçəsi 2H, Bakı 2018)
İnklüziv təhsildə təlimin təşkili prinsiplərinin əsas məqsədi xüsusi pedaqoji-psixoloji üsullarla sağlamlıq imkanları məhdud şəxslərdə kommunikativ bacarıq və vərdişləri inkişaf etdirməklə, müvafiq biliklərə yiyələnməsinə nail olmaq və onları müstəqil həyata hazırlamaqla cəmiyyətin bərabərhüquqlu vətəndaşına çevirməkdir. (Azərbaycanda inklüziv təhsilin vəziyyətinə dair araşdırma sənədi, Bakı 2018)
Sağlamlıq imkanları məhdud uşaqların təsnifatlaşdırılması işindəki sistemsizlik inklüziv təhsildə təlimin təşkili prosesini ləngidir. Bunun baş verməməsi üçün sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə adaptasiyası məqsədilə müəllim-valideyn əməkdaşlığı təmin olunmalı, ilk növbədə valideynlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Dünya praktikasında sağlamlıq imkanları məhdud uşaqların problemləri erkən yaşlarda aşkar edildiyindən, onların məktəb dövründə öz problemlərinə uyğun təhsil müəssisəsində oxuması təmin edilir. Bu isə uşaqların öz bilik və bacarıqlarını daha yaxşı inkişaf etdirməsinə, gələcəkdə ali təhsil müəssisələrində təhsillərini davam etdirməsinə imkan verir və onların cəmiyyətin önəmli fərdinə çevrilməsinə şərait yaradır. (Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3: 53-54, 56).
Sağlamlıq imkanları məhdud şəxslərin gələcəkdə hər hansı bir peşəyə yiyələnməsinin həyatının valideynlərsiz dövründə də müstəqil şəkildə yaşamasına kömək etdiyini nəzərə alsaq, ali təhsil müəssisələrinə onların cəlb olunması daha vacib və təxirəsalınmaz məsələdir. Belə şəxslər ali təhsil pilləsində təlim-təhsil prosesinə cəlb olunmaqla təkcə müvafiq bir peşəyə yiyələnmir, həm də onların intellektual səviyyəsi artır, iradəli, sağlam düşüncəli, dünyagörüşlü, həyatda öz məqsəd və məramını bilən şəxsiyyətə çevrilirlər. İnklüziv təhsildə asudə vaxtın düzgün təşkili məqsədilə kompüter texnologiyalarından və internetdən məqsədyönlü istifadənin əhəmiyyətini bildirməklə, sağlamlıq imkanları məhdud şəxslərə öyrədici video-çarxlar göstərməklə, dünyanın müxtəlif yerlərində həyatı
örnək olan bu cür insanları tanıtmaqla belə şəxslərin özlərinə inamını artırmaq, onların
karyera qurmaq planlarını gerçəkləşdirməsinə nail olmaq mümkündür.
Kitabxanalar qədim zamanlardan bəllidir ki, bəşəriyyətin mənəvi sərvətlərini toplayıb saxlayan, onu mühafizə edən, cəmiyyətin ictimai istifadəsini təşkil edən sosial inistut, sivilizasiyanın informasiya bazasızıdr. Onun əsas vəzifəsi cəmiyyətə xidmət etməkdən ibarətdir. Məhz buna görə də bəşər sivilizasiyası öz inkişafına görə kitabxanalara borcludur.
Bütün dünya ölkələrində kitabxanalar ümumi cəmiyyətə xidmət etməklə yanaşı cəmiyyətin bütün kateqoriyalarını məsələn gözdən əlil şəxslərə xidmət etməyi diqqətdən kənarda qoymamışdır. Dünyanın istənilən yerində görmə məhdudiyyətli şəxslərin maariflənməsi, hər hansı bir fəaliyyət sahəsində bilik və bacarıqlarını aşkarlayaraq nümayiş etdirmək üçün yüksək səviyyədə müstəqil kitabxanalar mövcud olmuşdur.
Universitet kitabxanaları da kolleksiyalardakı məlumat mənbələrindən bütün istifadəçilərin ən Rahat şəkildə istifadə etməsi imkanı yaradaraq bir universitet kitabxanasından gözdən əlillərin ən yaxşı formada təqdim edilməsini hədəfləməkdədir. (Ayxan Hüseynov: Görmə məhdudiyyətli şxəslərin cəmiyyətə inteqrasiyasında kitab mütaliə və kitabxanaların rolu, Bakı 2018).
Kitab oxumaq deyəndə gözdən əlillər çox çətinlik qarşısında dururdular. Orta məktəbdə, ali təhsil müəssisələrində, yaxud bədii əsərlərin oxunmasında böyük problemlərlə üzləşirdilər. Dərslikləri dəftərə köçürtmək və yaxud başqasından xahiş edərək oxutdurmaq məcburiyyətində qalırdılar. Bütün bu çətinlikləri nəzərə alaraq 1981-ci il 01 iyun tarixində Azərbaycan Korlar Cəmiyyətinin nəzdində Mərkəzi Korlar Kitabxanası yaradıldı. Tipoqrafiyada Brayl əlifbası ilə kitablar, jurnallar və s. çap olunaraq, kitabxananın istifadəsinə verildi. Bununla yanaşı, səsyazma studiyasında yerli və xarici ədiblərin əsərləri, müxtəlif mövzularda olan kitablar teleradio şirkətinin aparıcı diktorlarının ifasında oxunmaqla lentə köçürülərək, oxucu kütləsinin istifadəsinə verilmişdir. (Gerk.az: Respublika Gözdən Əlillər Kitabxanası: https://gerk.az/danisan-kitabxana/).
Gözdən əlilliyi olan şəxslərin ali təhsil müəssisələrində tədris prosesində səsli mühazirələrin, səsli dərslik və ya dərs vəsaitlərinin olmasına çox böyük ehtiyac vardır. Brail şriftləri ilə yazılan kitabların oxunması və daşınması müəyyən problemlərə səbəb ola biləcəyini düşünərək səsli kitbların yaradılması və dərs prosesi zamanı onlara daha çox üstünlük verilməsi məqsədə uyğundur.
Ədəbiyyat
- "Regional İnkişaf" İctimai Birliyi - İnklüziv təhsil (Məlumat kitabçası): 6.
- Azərbaycanda inklüziv təhsilin vəziyyətinə dair araşdırma sənədi, 2018
- Azərbaycan məktəbi | Azerbaijan Journal of Educational Studies | 2021. №3: 53-54, 56.
- Ayxan Hüseynov: Görmə məhdudiyyətli şxəslərin cəmiyyətə inteqrasiyasında kitab mütaliə və kitabxanaların rolu.
- Gerk.az: Respublika Gözdən Əlillər Kitabxanası: https://gerk.az/danisan-kitabxana/
Əli Şahin oğlu Ələkbərov
Xəzər Universiteti
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur