reklam

Effektiv dərsin özəllikləri

“Bəziləri pul qazanmaq üçün müəllimlik edər.  Bəziləri isə fərq yaratmaq üçün...”

(Harry K. Wong)

 

Müasir dövrümüzdə effektiv öyrənmə çox önəmlidir. Öyrənmə mühitinin formalaşdırılması üçün isə hər bir şagirdin öyrənmə qabiliyyəti fərdi şəkildə nəzərə alınmalıdır. Belə ki, şagirdlər müxtəlif öyrənmə tərzinə sahib olurlar. Müəllim bu fərqlilikləri müəyyən etməyi bacarmalı və dərs prosesində bu nüansları nəzərə almalıdır.  

Dərs izah etmək, öyrətmək əslində bir sənətdir. Bu sənət effektiv öyrənmə mühitinin yaradılması üçün çoxcəhətli biri metod hesab edilə bilər.  Mövlanə Cəlaləddin Ruminin dediyi kimi: “Sən nə qədər bilirsən-bil, sənin bildiyin qarşındakının anladığı qədərdir.”  Belə ki, anlamaq üçün aydınlıq gətirən, öyrənmə prosesinə əyləncə qatan müəllim qarşısındakını öyrətmədə uğurlu ola bilir. Tanınmış Amerikalı təhsil araşdırmaçısı, “Effektiv Sinif İdarəetmə Strategiyaları” kitabının müəllifi Robert Marzanoya görə 50% öyrənmə qabiliyyəti olan bir şagird produktiv öyrənmə mühitində o qabiliyyətini 63%-ə qədər inkişaf etdirə bilər. 

 İnsanın peşəsinə olan münasibəti onun bacarıqlarına təsir edir və bu da şagirdlərin nailiyyətində özünü göstərir. Auditoriyada olan şagirdlər müəllimin fənninə olan sevgisini, həvəsini hiss etdikdə dərs prosesi daha effektiv olur. Bir sözlə müəllim öz peşəsini sevdiyi zaman onu sevdirməyi bacaracaqdır.

Müəllim və şagirdlər arasındakı ünsiyyət amili sinfin idarə olunmasında başqa bir faktordur. Müəllimin şagirdləri ilə qurduğu sözlü və sözsüz ünsiyyət şəxsiyyətin formalaşmasında, həmçinin akademik uğurun əldə olunmasında xüsusi rol oynayır. Dərs boyu diqqət yalnız bir əşyaya, yaxud da şagirdə və ya lövhəyə baxmaqla keçərsə, sinfin idarə olunmasında müəyyən problemlər yarana bilər. Dərs sinifdə olan bütün şagirdlərlə göz təması qurularaq, şagirdlərin hamısı diqqət mərkəzində olduqlarını hiss etdikdə daha effektiv olur. 

Effektiv dərsin təşkil olunmasında əhəmiyyətli məsələlərdən biri də müəllimin öz dərsinə hazır olmasıdır. Belə ki, sinifdəki bir çox problemlər heç bir hazırlıq görmədən sinif otağına daxil olunduğu zaman ortaya çıxır. Odur ki, dərs planının əvvəlcədən hazır olması və hər zaman ehtiyat planın olması o dərsi daha produktiv edir. Müəllimin əvvəlcədən şagirdlərinə keçəcəyi fənnin, mövzunun önəmini, həyatımızdakı rolunu izah etməsi şagirdlərin marağını artırır. Eləcə də müəllim növbəti dərsdə keçəcəyi mövzu haqqında şagirdlərinə ətraflı məlumat verərsə, bu dərsdəki qeyri-müəyyənliyi aradan qaldırar. 

Müəllim-şagird münasibətləri şagirdlərin akademik nailiyyətlərinə, həmçinin sinfin idarə olunmasına müsbət təsir göstərir. İstər dərs prosesində, istərsə də dərsdən kənar vaxtlarda şagirdlərinə dəyər verdiyini hiss etdirən müəllimin dərsinə heç bir şagird biganə qalmaz. Sevgi, dəyər sinif idarəçiliyində sehrli dəyənək kimidir. Şagirdləri ilə sevgi bağı quran müəllimlər üçün sinfin idarə olunması çox asan olur. Müəllim şagirdinə dəyər verməlidir. Şagird şəxsiyyətdir və müəllimlə bərabərdir. O özünün alçaldıldığını, dəyər verilmədiyini hiss etdiyi an onu itirəcəksiniz. 

Nümunə ola bilmək təlim-tərbiyədə çox önəmli yerə malikdir. Bu sinfin idarə olunmasında da xüsusi əhəmiyyətə səbəb olur. Müəllimin çalışqanlığı, ünsiyyət tərzi, hərəkətləri, yanaşmaları şagirdə, həmçinin sinfin atmosferinə təsir göstərir. Geyim tərzi, dərsə olan münasibət  çox önəmlidir. Şagirdlər üçün müəllim bir örnəkdir. Çox vaxt şagirdlər müəllimin dediklərindən daha çox etdiklərinə baxırlar. Bizim onların ​​xəyal dünyasını zədələməyə haqqımız yoxdur. 

Effektiv sinif mühitinin, dərs prosesinin təməllərindən biri də müəllimin sinfə nəzarət etməsidir. Yaxşı idarə olunan sinifdə şagirdlərin daxili motivasiyaları yüksək olur, bu da uğurlu olmalarına səbəb olur. Eyni zamanda müəllim sinfə nəzarəti artırmaq üçün şagird mərkəzli dərs prosesi təşkil etməlidir. 

Sinifdə qaydaların tətbiqi, həmçinin o qaydaları şagirdlərlə birgə formalaşdırmaq dərsin keyfiyyətinə, sinfin idarə olunmasına müsbət təsir göstərir. İstənilən cəmiyyətdə qaydalar formalaşdıraraq o qaydalara əməl olunmasına ciddi ehtiyac var. Həmçinin qaydaları məktəbə, sinif otağına, dərs prosesinə də daşımağa ehtiyac var. Bu qaydaları şagirdlərlə birgə formalaşdırmaq onların həmin qaydalara əməl etməsinə təsir edir. 

Ardıcıllığı qoruyaraq davamlılıq  keyfiyyətin təməl prinsiplərindəndir. Müəllim dərs prosesində ardıcıllığı qoruyarsa şagirdlərin də motivasiyaları artar. Həmçinin dərs prosesini canlı saxlamaq üçün şagirdlərin diqqətinin dağılmamasını təmin etmək lazımdır. Araşdırmalara görə şagirdlər sinifdə 20 dəqiqə diqqətlərini toplaya bilirlər. Dərs müddəti isə daha çoxdur. Bu dövrdə şagirdin diqqətini cəlb etmək üçün zarafatlar etmək, fərqli mövzularla bağlı nəsə danışmaq diqqət dağınıqlığını aradan qaldıra bilər. 45-60 dəqiqə boyunca şagirdlərin diqqətini cəmləmək çox çətin olduğu qədər  də vacibdir. Şagirdlərin aktiv iştirak etdiyi dərs prosesində öyrənmənin səviyyəsi artar. Çünki öyrənmə şagirdlərin də iştirak etdiyi dərs mühitində baş verir. Dəsrlərin müxtəlif vasitələrlə görüntülü və s. formada təşkili dərsin keyfiyyətini və uzun müddətliyini artırır. 

Rahat və xoşbəxt mühit şagirdlərin öyrənməsi üçün çox önəmlidir. Şagirdin sinifdə özünü rahat hiss etməsi, həmçinin dərs zamanı etdiyi xətaların doğru üslubla düzəldilməsi həmin o şagirdlə, həm də digərləri ilə ünsiyyətdə olan problemləri həll etməkdə olduqca vacibdir. Şagird sinifdə özünü rahat və sözün əsl mənasında xoşbəxt hiss etdiyi an müəllimdən öyrənir. Diskomfort bir mühit öyrənmə prosesini çətinləşdirir. Şagirdlərin öyrənməsini asanlaşdıran, vaxtdan səmərəli istifadələrini, həmçinin sinifdaxili münasibətlərin təşkili tədris prosesini daha səmərəli qurmağa kömək edir.

Yuxarıda qeyd olunan özəlliklərlə yanaşı müəllimin sinifdəki hərəkəti, vaxtın düzgün idarə olunması, səs tonu, müraciət forması və s. xüsusiyyətlər sinfin idarə olunmasında, effektiv dərsin təşkilində önəmli təsir bağışlayır. Həm şagirdlərin, həm də müəllimlərin zamanlarının çox hissəsinin keçdiyi yer sinifdir. Sinif həm də öyrənmə üçün qurulmuş bir məkandır. Onun idarə olunması əslində elə öyrətmənin və öyrənmənin, gələcəyimizin, gəncliyimizin idarə olunması, doğru istiqamətləndirilməsidir.

Görkəmli alimimiz Xudu Məmmədov müəllim şəxsiyyətini sadəcə məktəblə, siniflə məhdudlaşdırmayaraq deyir:”Müəllim yalnız dərs deyən, sadəcə olaraq bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan şəxsiyyət, adi tərbiyəçi deyil. O, zaman və gənclik arasında körpü yaradan, öz şəxsiyyəti ilə nümunə olan, sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır.”

 

Ruslan Bayramov

Qurtuluş Hazırlıq Kursları, direktor
e-mail: [email protected]

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az