reklam

"Gənclər, sülh və təhlükəsizlik" beynəlxalq tələbə forumu yekunlaşıb

23-28 noyabr tarixlərində Azərbaycan Respublikasının Gənclər Fondu və Təhsilin İnkişafı Fondunun dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Gənclər, sülh və təhlükəsizlik” adlı beynəlxalq tələbə forumu keçirilmişdir. 

 

Açılış mərasimi ADA Universitetində keçirilən forumun qonaq spikerləri Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva yerli və xarici qonaqları salamlayaraq, Şuşa şəhərinin işğal dövründə maddi-mədəni irsinə vurulmuş zərər haqqında xarici tələbələrin düzgün məlumatlandırılmasında, eləcə də, işğaldan sonrakı mərhələdə gələcək inkişaf perspektivlərinin tədqiqi istiqamətində fundamental araşdırmalar aparılması barədə məlumat veriblər.

 

Forum 5 panel müzakirəsindən ibarət olmaqla, xüsusi mövzuları əhatə edib.

 

İlk panel mövzusu olan "Münaqişədən sonra bərpa: Yenidənqurma, uzlaşma və sülh quruculuğu" - BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso, ADA universitetinin Dövlət və İctimai Münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Fərid Quliyev və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu Regionların davamli inkişaf problemləri şöbəsinin mütəxəssisi Şükür Quliyev çıxış edərək, mövzu üzrə iştirakçıların suallarını cavablayıblar.

 

Daha sonra "Münaqişədən sonra statistika sahəsində vəziyyət: Məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı və reinteqrasiyası" mövzusuna həsr olunmuş və ADA Universitetinin siyasi elmlər və iqtisadi nəzəriyyə üzrə professoru Kavus Abuşov moderatorluğu ilə davam edib. Panelin qonaqları qismində  Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Erkin Qadirli, Hüquq üzrə fəlsəfə doktoru, ADA Universitetinin müəllimi Cavid Qədirov və siyasi ekspert, analitik Orxan Amaşov mövzu üzrə çıxış edib və forum iştirakçıları arasında maraqlı diskussiyalar aparılıb.

 

Növbəti 3 gün ərzində Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyevin moderatorluğu ilə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov və Siyasi təhlilçi Fuad Şahbazov tərəfindən “Müharibədən sonrakı vəziyyət: Cənubi Qafqaz və digər regionlarda sülh, təhlükəsizlik və sabitlik”, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşı Azad Qəribovun moderatorluğu ilə Xəzər Universitetində Coğrafiya və Ətraf Mühit departamentinin rəhbəri Rövşən Abbasov, BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov və “Sustainera” konsaltinq şirkətinin rəhbəri, dayanıqlı inkişaf üzrə ekspert İlkin Hacıyev “Davamlı sülh, dayanıqlı inkişaf və əməkdaşlıq”, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyevin moderatorluğu ilə keçirilən panel iclasında İTV-nin "Radius" verilişinin aparıcısı, tanınmış hərbi ekspert  Heydər Mirzə və müstəqil jurnalist Seymur Kazımov tərəfindən “Münaqişə zonalarından reportajlar, sülhün bərqərar olmasına medianın rolu” mövzuları üzrə Azərbaycan-Fransız Universitetində (UFAZ) panel iclasları, həmçinin iştirakçıların Mədəni İrs üzrə Avropa Tələbələr Assosiasiyasının səfiri Antigoni Michael ilə onlayn görüşü baş tutub.

 

26 noyabr tarixində isə tələbələrin Şuşa şəhərinə 1 günlük səfəri baş tutub. Səfər zamanı tələbələr işğaldan azad olunmuş ərazilərimizdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırımı fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələri ilə tanış olublar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin aparıcı mütəxəssisi Həlimə Tağıyeva iştirakçılara tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qaldığını, işğaldan azad olunmuş ərazilərimiz, o cümlədən Şuşa şəhərinin Azərbaycan və Qafqazın ictimai-siyasi həyatında oynadığı rol barədə geniş məlumat verib.

 

Sonda AIDA-Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru Elməddin Mehdiyev çıxış edərək Agentliyin fəaliyyəti həyata keçirdiyi layihələr haqqında iştirakçılara ətraflı məlumat təqdim etdi. 

Bağlanış mərasimi Xəzər Universitetinin müəllimi Elmar Mustafayevin tələbələrlə birgə qrup işləri, iştirakçıların Şuşa səfəri və 5 günlük forum haqqında fikirləri ilə yekunlaşıb. İştirakçıların İçərişəhər, Bakı Bulvarı, Xalça Muzeyi və Dağüstü parkla tanışlıq üçün gəzinti təşkil olunub. 

Qeyd edək ki, forumda əsasən xüsusi komissiya tərəfindən seçilmiş beynəlxalq münasibətlər, beynəlxalq hüquq, diplomatiya və s əlaqəli ixtisaslar üzrə təhsil alan 50 nəfərlik tələbə heyətinin tərkibi 30 fərqli ölkəni təmsil edən, dünyanın top universitetlərində təhsil alan 40 xarici tələbə və 10 yerli tələbə olmaqla təşkil olunmuşdur.

Məlumat üçün vurğulayaq ki, 5 gün davam edən forum Şuşanın Azərbaycan tarixi və mədəniyyətindəki rolunun vacibliyinin təbliği məqsədilə ölkəmizdə və xaricdə təhsil alan əcnəbi tələbələrin beynəlxalq zəmində bir araya toplaşaraq sülhquruculuğu və təhlükəsizlik istiqamətində məsələlərin müzakirəsi və həlli təkliflərinin verilməsi fonunda uğurla baş tutub.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az