Edumap.az Təhsil Portalı olaraq Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) keçmiş sədri Rüfət Əsədzadə ilə maraqlı bir müsahibə etdik.
2018-ci ildə yaradılan AGMA gənc müəllimlərin peşəkar inkişafına dəstək olmaq, onların təhsil sistemində daha aktiv rol oynamasını təmin etmək məqsədilə təsis olunub. Bu illər ərzində assosiasiya həm yerli, həm də beynəlxalq miqyasda bir çox layihələr həyata keçirərək gənc müəllimlərin potensialını artırmağa xidmət edib.
Rüfət Əsədzadə 2021-ci ildən başlayaraq AGMA-ya rəhbərlik edib və bu dövrdə təşkilatın fəaliyyətini genişləndirərək yeni layihələrə imza atıb. Onun rəhbərliyi altında yaradılan Agma.az platforması, bölgələrdə keçirilən təlimlər və müəllimlərin peşəkar inkişafı üçün yaradılan digər imkanlar təhsil sektorunda böyük maraqla qarşılanıb.
Bu müsahibədə Rüfət bəy AGMA-nın yaradılma hekayəsi, fəaliyyətində qarşılaşdığı çətinliklər, qazandığı uğurlar və gənc müəllimlər üçün tövsiyələri ilə bağlı öz dəyərli fikirlərini bizimlə bölüşdü.
Gəlin, təhsildə dəyərli bir rol oynayan bu assosiasiyanın hekayəsini keçmiş sədri Rüfət Əsədzadənin baxış bucağından birlikdə öyrənək.
AGMA-nın yaradılma hekayəsi necə başladı?
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) 2018-ci ildə yaradılıb. AGMA-nın yaradılma məqsədi, gənc müəllimlərin peşəkar inkişafına dəstək olmaq, onları bir araya gətirən bir şəbəkə yaratmaq və onların təhsil sistemində daha aktiv rol oynamasına imkan tanımaq idi. Mən isə 2021-ci ildən AGMA-ya rəhbərlik etməyə başladım. Bu dövrdə assosiasiyanın fəaliyyətini genişləndirərək daha çox gənc müəllimə dəstək göstərməyi və onların peşəkar inkişafına töhfə verməyi qarşımıza əsas məqsəd qoyduq.
AGMA-da çalışdığınız dövrdə ən yadda qalan uğurlar hansılar olub?
2021-ci ildən AGMA-ya rəhbərlik etdiyim müddətdə ən yadda qalan uğurlardan biri Agma.az platformasının istifadəyə verilməsi idi. Bu platforma gənc müəllimlər üçün təlimlər, resurslar və metodiki materiallar təqdim edərək onların peşəkar inkişafını dəstəklədi. Bundan əlavə, regionlarda həyata keçirilən təlim proqramları və müxtəlif tədbirlər vasitəsilə yüzlərlə gənc müəllim şəbəkələşmə və yeni tədris metodlarını öyrənmə imkanı qazandı.
AGMA-nın yaradılması və inkişafı zamanı qarşılaşdığınız çətinliklər nələr idi və necə həll etdiniz?
AGMA-nın inkişafı zamanı ən böyük çətinliklərdən biri maliyyə dəstəyi çatışmazlığı idi. İlk 6 ay ərzində heç bir maliyyə dəstəyi olmadan fəaliyyət göstərərək gənc müəllimlər arasında əvvəllər qırılmış inamı bərpa etməyə nail olduq. Bu dövrdə həmkarlarımızın dəstəyi və peşəkar yanaşma sayəsində assosiasiyanı etibarlı bir platforma kimi tanıtdıq. Resurs çatışmazlığını beynəlxalq və yerli donorlarla əməkdaşlıq edərək həll etdik və davamlı inkişaf üçün dayanıqlı model qurduq.
AGMA gənc müəllimlərə hansı imkanları yaratdı və bunun Azərbaycan təhsilinə təsiri nə oldu?
AGMA gənc müəllimlərə peşəkar inkişaf üçün təlimlər, liderlik bacarıqlarını artırmaq üçün proqramlar və beynəlxalq təcrübələrə çıxış imkanı yaratdı. Bunun nəticəsində gənc müəllimlərin nüfuzu artdı və onlar cəmiyyətdə daha çox dəyərləndirildi. Ən önəmlisi isə, gənclər dövlətin onlara göstərdiyi dəstəyi hiss etdilər və bu inam onların daha yüksək motivasiya ilə fəaliyyət göstərməsinə səbəb oldu. AGMA-nın fəaliyyətləri nəticəsində gənc müəllimlər sinifdə innovativ metodlardan istifadə etməyə başladılar, bu da şagirdlərin təhsil keyfiyyətinə müsbət təsir etdi.
AGMA ilə vidalaşdıqdan sonra onun inkişafını izləyirsinizmi? Nə kimi yeniliklər müşahidə etmisiniz?
AGMA ilə vidalaşdıqdan sonra 9 ay müddətində assosiasiyaya mentorluq etməyə davam etdim. Bu dövrdə AGMA-nın işlərini dəstəkləmək və məsləhətlər verməklə assosiasiyanın inkişafına töhfə verdim. Lakin işlərimin çoxluğu səbəbilə sonradan yalnız kənardan izləməklə kifayətlənməli oldum. Bu müddətdə AGMA-nın fəaliyyətlərini genişləndirməsi, yeni layihələr həyata keçirməsi və gənc müəllimlər üçün daha çox imkan yaratması məni çox sevindirdi.
Azərbaycan təhsilində hazırkı vəziyyəti necə qiymətləndirirsiniz və hansı sahələrdə daha çox iş görülməlidir?
Azərbaycan təhsili son illərdə irəliləyişlər əldə etsə də, bəzi sahələrdə daha çox iş görülməlidir. Xüsusilə, universitetlərdə müəllim hazırlığına daha ciddi diqqət yetirilməlidir. Müəllimlərin təhsilini yalnız test imtahanları ilə müəyyən etmək kifayət etmir, çünki bu metod bəzi hallarda lazımi keyfiyyətlərə malik olmayan kadrların seçilməsinə səbəb olur. Peşəkar yanaşma artırılmalı, praktiki təlimlərə üstünlük verilməli və müəllimlərə inanılmalıdır. İnam olan yerdə inkişaf daha sürətlə gedir, lakin bu prosesi idarə etmək üçün dəstək mexanizmləri gücləndirilməlidir.
Gənc müəllimlərə liderlik və potensiallarını reallaşdırmaq üçün nə məsləhət verərdiniz?
- Daim öyrənin – Müasir təhsil texnologiyalarını və metodlarını mənimsəyin.
- Şəbəkələşin – Həmkarlarınızla əməkdaşlıq edin və təcrübə mübadiləsi aparın.
- Şagirdlərə dəyər verin – Tədris zamanı onların ehtiyaclarını və maraqlarını diqqət mərkəzində saxlayın.
- İnnovasiyalara açıq olun – Sinifdə yeni metod və yanaşmaları tətbiq edin.
- Məqsəd qoyun və inadla çalışın – Qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün inamınızı itirməyin.
- İnam yaradın – Həm özünüzə, həm də başqalarına inanın. İnam inkişafın əsas təməlidir.
Hazırladı: Əminət Diqanayeva
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur