reklam

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası məktəblərdə təşkil edilən “Yay məktəb”lərinə necə dəstək olacaq?

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası məktəblərdə təşkil edilən “Yay məktəb”lərinə necə dəstək olacaq?  
  1. Özünüzü təqdim edin və yay məktəblərinin təşkili ilə bağlı təcrübələrinizdən danışın.
Adım Hüseyndir, hazırda Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində İcma əsaslı məktəbəqədər təhsil layihəsində çalışıram. Ümumilikdə isə 11 ildir təhsil sahəsindəyəm. Həmçinin 2016-cı ildən Təhsil Meneceri kimi də fəaliyyət göstərirəm. Bu gün isə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin üzvü – yay məktəbləri – düşərgələrin təşkili üzrə ekspert qismində çıxış edirəm. Təxminən 10 il olar ki, həm fərdi, həm də müxtəlif QHT-lər nəzdində yerli və beynəlxalq yay məktəblərinin və düşərgələrinin təşkili ilə məşğulam. Burada əsas işim yay məktəblərinin – düşərgələrinin proqramının yazılışı, işçi heyətinin təsisi, onların iş öhdəliklərinin təyini və təlimatlandırılması, yay məktəblərində - düşərgələrdə iştirak edəcək uşaq, yeniyetmə və gənclərin ehtiyaclarının təyin olması olmuşdur. Ümumilikdə bu 10 il ərzində 30-dan çox yay məktəbi və düşərgələrinin təşkilini həyata keçirmişəm. Bu yay məktəblərində - düşərgələrində iştirakçıların sayı müxtəlif olub: ilk illər 40-50 nəfərdən başlamış, son ildə isə bu rəqəm 10 qat artaraq 400-500 nəfər arası olmuşdur.
  1. Yay məktəbləri niyə hal hazırda aktualdır?
Bildiyimiz kimi, 2020-ci ilin mart ayından davam edən pandemiyaya görə və şanlı qələbəmizlə bitmiş 44 günlük Vətən müharibəsi ilə bağlı tədrisin əyani formada təşkilində uzun müddətli fasilələr yaranmışdır. Bu fasilələr də şagirdlərin öyrənmə prosesinə müəyyən qədər mənfi təsir ilə nəticələnmişdir. Məhz bu nəticələrin aradan qaldırılması və şagirdlərin bilik və bacarıqlarınım təkmilləşdirilməsinə dəstək olunması üçün Təhsil Nazirliyi tərəfindən ölkədə 16-30 iyun tarixlərində yay məktəblərinin keçirilməsi qərarı verilmişdir.
  1. Yay məktəblərinin yay düşərgələrindən fərqi nədir?
Adından da görsəndiyi kimi birincidə yəni yay məktəbinin proqramının əsasını məktəb fənnləri üzrə təkmilləşdirmə məşğələləri yer tutur. Belə desək daha çox akademik göstəricilərin yaxşılaşdırılmasına yönəlmiş məşğələlərə üstünlük verilir. Yay düşərgələrində isə daha çox qeyri-formal təhsil formasında şagirdlərə həyati bilik və bacarıqlar aşılanır. Burada onların intellektual, emosional, əyləncəvi və psixoloji sahələri də nəzərə alınır. Belə desək yay düşərgələrində şagirdlər edərək öyrənir və əylənirlər.
  1. AGMA-nın üzvləri yay məktəblərinin təşklinə necə dəstək ola bilərlər?
Bununla bağlı AGMA-nın artıq planları vardır, reallaşdırmağa da başlamışıq. Belə ki, yay məktəblərində tədrisi daha da maraqlı, əyləncəli və öyrədici etmək üçün AGMA tərəfindən müxtəlif işlək metodlar və öyrədici alətlər hazırlanmışdır. Bunlar AGMA-nın regional koordinatorlarına göndərilmiş, onlar vasitəsilə də bu işdə maraqlı olan regionda yaşayan gənc müəllimlərlə birgə yay məktəblərinin təşkilində istifadə ediləcəkdir. Bununla yanaşı, növbəti həftədən bir sıra böyük şəhərlərdə, ilkin olaraq Abşeron, Bakı və Sumqayıt məktəblərində AGMA-nın dəstəyilə qeyri-formal təhsil forması əsasında peşəkar təlimçilərin köməyilə şagirdlərə müxtəlif həyati bilik və bacarıqların öyrədilməsi də nəzərdə tutulmuşdur.  
  1. Yay məktəblərinin təşkilində gənc müəllimlərə nə kimi tövsiyyələr verə bilərsiniz?
Nəzərə alsaq ki, yay məktəbində iştirak könüllüdür, burada davamlılığı təmin etmək çox önəmlidir. Bunun üçün gənc müəllimlərə tövsiyyəm odur ki, araşdırmalar edib tədrisi daha da interaktiv, fəal və əyləncəli qursunlar. Bunun üçün ən yararlısı oyunlardır. Şagirdlər oyunəsaslı öyrənməyə çox maraqlı olurlar və bu da davamlılığın təminatına dəstək olmuş olur. Oyunları isə youtube üzərində axtarıb tapmaq mümkündür. Burada hər hansı xarici dil biliyi belə o qədər də önəmli deyil, video baxmaqla müəllim nəyi necə edəcəyini anlaya bilər. Əsas olan isə odur ki, müəllim o oyunların məqsədini və məşğələlərdə necə tətbiq edəcəyini qura bilsin.  
  1. Fəaliyyət hazırlanarkən şagirdlərin ehtiyacları necə formalaşdırılmalıdır?
Çox vacib bir məsələyə toxunduz. Yay məktəbində fəaliyyətləri və məşğələləri təşkil edərkən mütləqdir ki şagirdlərin ehtiyacı öyrənilsin, onların fikirləri və münasibətləri soruşulsun. Bunu hər hansı yazılı və ya şifahi sorğu əsasında, müşahidə və ya fərdi danışıqla da təyin etmək mümkündür. Belə olan halda şagirdlərə özlərinin rəyi və fikirləri ədsasında qurulmuş bir yay məktəbində iştirak daha maraqlı və doğma olacaqdır.  
  1. Proqram hazırlanarkən nələrə diqqət edilməlidir?
Proqram hazırlanarkən mütləq şəkildə şagirdlərin bilik səviyyələri, onların ehtiyacları, fikirləri və yaş həddinə diqqət edilməlidir. Proqramda daha çox oyunlara önəm verilməli, şagirdlərin edərək öyrənməsinə üstünlük verilməldir. Burada daha çox danışan, məlumat ötürən və təqdimat edən müəllim deyil şagird olmalıdır. Müəllim isə sadəcə prosesi idarə edən olmalıdır.
  1. Yay məktəbində qiymətləndirmə necə aparılmalıdır?
Məktəbdə akademik biliklərin öyrədilməsi zamanı qiymətləndirmə formal - yazılı formada aparılır. Yay məktəbində isə bunu çox yaxşı olardı ki, qeyri-formal formada – oyunlar formasında edilərdi. Məsələn: tarix məşğələlərindən sonra şagirdləri bir sıra yığıb sual vermək olar ki: kim Manna dövlətinin yaranma tarixini bilirsə bir addım önə keçsin, kim Manna dövlətinin paytaxtını tanıyırsa bir addım önə keçsin, kim Mannanın ilk hökmdarını tanıyırsa bir addım önə keçsin və s. Bu formada qiymətləndirmə həm şagirdlərə də maraqlı olacaq, həm də müəllimlər şagirdlərdən geriyə dönüş almış olacaqlar.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az