reklam

“Bir Könüllü” təşkilatının beynəlxalq əlaqələrinin genişləndirilməsi Brüsseldə müzakirə olunub

“Bir Könüllü” təşkilatının beynəlxalq əlaqələrinin genişləndirilməsi Brüsseldə müzakirə olunub   “Sərhədsiz Tələbə İştirakçılığı” (Student Participation without Borders – STUPS) layihəsinin Avropa İqtisadi və Sosial Komitəsi (AİSK) və Avropa Tələbə İttifaqı ilə birgə təşkilatçılığı çərçivəsində Belçikanın Brüssel şəhərində 27-28 aprel 2022-ci il tarixlərdə “Tələbələrin ali təhsil müəssisələrinin idarəçiliyində iştirakı” mövzusunda beynəlxalq konfrans baş tutub. “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Ülvi Əlizadə adıçəkilən konfransda iştirak etmək üçün 25 aprel – 1 may 2022-ci ildə Belçikanın Brüssel şəhərinə səfər edib. Bununla bərabər, səfər çərçivəsində bir sıra Avropa və qlobal gənclər şəbəkələrinin rəhbərləri ilə, eləcə də Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyində görüşlər keçirilib. Avropa üzrə 20 milyondan çox tələbəni, dünya üzrə isə 122 ölkədən 200-dən çox gənclər təşkilatını bir araya gətirən Qlobal Tələbə Forumu (QTF) İdarə heyətinin üzvü Karmen Romero ilə aprelin 25-də baş tutan görüş zamanı “Bir Könüllü” təşkilatının QTF-yə üzv qismində qoşulması, birgə layihələrin icrası perspektivləri, eləcə də digər mümkün tərəfdaşlıq imkanları müzakirə edilib. Qeyd edək ki, QTF-nin əsas məqsədi təhsil, eləcə də dövlət siyasətinin digər istiqamətlərində qərarların qəbulu prosesində məktəb və universitet tələbələrinin iştirakına dəstək göstərməkdən ibarətdir. Daha sonra, Avropa Gənclər Forumunun (European Youth Forum) Üzvlük məsələləri və potensialın gücləndirilməsi üzrə məsul şəxsi Daşa Koribanisova və İdarəetmə məsələləri üzrə məsul şəxsi Maqali Hübers ilə görüş baş tutub. Görüş çərçivəsində tərəflər təmsil etdikləri qurumlar barədə ümumi məlumat verərək “Bir Könüllü” təşkilatı və Avropa Gənclər Forumu arasında mümkün əməkdaşlıq və birgə layihələrin icrası imkanlarını müzakirə etdilər. Bundan əlavə, Ülvi Əlizadə Belçikanın Antverp şəhərində “Service Civil International” (SCI) təşkilatının prezidenti Hemamali Perera ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq perspektivləri, tələbə gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi üzrə Azərbaycan təcrübəsi, gənclərin post-münaqişə dövründə sülh quruculuğuna verə biləcəyi töhfə, eləcə də birgə layihələrin icrası imkanları müzakirə olundu. Əldə olunan razılaşmaya görə, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İB yaxın zamanda “Service Civil International” təşkilatının BEES (Better Evaluations and Exchange Support) adlı işçi qrupuna qoşulmaq üçün müraciət edəcək. Adıçəkilən işçi qrupunun məqsədi könüllülərin mübadiləsinin keyfiyyətinin artırılmasından ibarətdir. Görüşün yekununda təşkilatın prezidenti Hemamali Pereraya Qarabağ xalçaları haqqında kitab hədiyyə edildi. Qeyd olunmalıdır ki, “Service Civil International” təşkilatı 1920-ci ildə yaradılıb və 40 üzv, eləcə də 90 tərəfdaş təşkilatı bir araya gətirir. Qurumun əsas məqsədi yaşından və milli mənsubiyyətindən asılı olmayaraq insanları beynəlxalq könüllü layihələrə cəlb etməkdən və sülh mədəniyyətinin təşviqindən ibarətdir. SCI tərəfindən Fransa, İsveçrə,Böyük Britaniya, Hindistan və bir sıra digər ölkələrdə konfrans və düşərgələr təşkil olunur. “STUPS” layihəsi çərçivəsində baş tutan “Tələbələrin ali təhsil müəssisələrinin idarəçiliyində iştirakı” mövzusunda beynəlxalq konfransda Avropanın aparıcı gənclər təşkilatlarının, beyin mərkəzlərinin və ali təhsil müəssisələrinin nümayəndələri tələbələrin universitetin fəaliyyətində və idarə olunmasında inklüziv iştirakçılığının təmin olunmasına dəstəyin göstərilməsinin mümkün yollarını və post-pandemiya dövrünün bu sahədə yaratdığı yeni reallıqları müzakirə etdilər. Səfərin yekununda Ülvi Əlizadə “Avropa Demokrat Tələbələri” (European Democrat Students – EDS) təşkilatının icraçı direktoru Françesko Sismondini ilə görüşərək ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etdi. “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin əsas məqsədi Azərbaycanın sosial və iqtisadi inkişafında əhəmiyyətli rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq və tələbələrin dərsdənkənar asudə vaxtlarının səmərəli dəyərləndirilməsi məqsədi ilə müvafiq tədbirlər görmək, eləcə də bu istiqamətlərdə layihələr icra edərək gənclərin şəxsi inkişafına töhfə verməkdən ibarətdir. Təşkilatın fəaliyyəti 6 il ərzində 11 region, 26 ali təhsil və 18 orta ixtisas təhsil müəssisəsini, eləcə də 27 mindən çox tələbə-könüllünü əhatə edə bilib. İndiyədək 750-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək göstərilib.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az