20-24 avqust tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə pedaqoji ixtisaslarda təhsil alan tələbələr üçün təşkil olunan “StudentFest 2022” silsilə düşərgələrin birinci mərhələsi yekunlaşıb.
Açılış mərasimində iştirak edən Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin sektor müdiri Səbuhi Rzayev düşərgənin keçirilməsində əsas məqsədin tələbələrin asudə vaxtlarının daha səmərəli təşkilinə şərait yaratmaq, həmçinin peşəkar mentorların təlim və seminarları vasitəsilə onların gələcək karyera imkanlarının, ixtisas sahələri üzrə zəruri bilik, bacarıq və səriştələrinin artırılmasına nail olmaqdır.
“Bir Könüllü” təşkilatının sədri Ülvi Əlizadə iştirakçıların düşərgəboyu həm mental, həm də fiziki sağlamlığını artırmaq üçün müxtəlif idman oyunları, master-klaslar, maraqlı aksiyalar, parkur yarışları və Xəzər dənizinin sahilində musiqi gecələri təşkil ediləcəyini bildirib.
4 gün davam edən tələbə düşərgəsində “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi, Təhsil İdarəçiləri Assosiasiyasının həmtəsisçisi Qoşqar Məhərrəmov, Bakı Mühəndislik Universitetinin Riyaziyyat-İnformatika kafedrasının baş müəllimi Bəhman Qüdsi, Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli, Azərbaycanda ilk yerli masaüstü oyunun müəllifi Sənan Mahmudov, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Əsədzadə, Müasir Təhsil Kompleksinin Biznesin inkişafı üzrə meneceri Tural Abbasovun təqdimatında müxtəlif mövzularda maraqlı təlimlər keçirilib.
Düşərgə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahilində sulardan xilasetmə, itkin düşmüş zərərçəkmişin axtarışı prosesi, hündür ərazidə və kranda köməksiz vəziyyətdə qalmış şərti zərərçəkmişlərin xüsusi üsulların tətbiqi ilə təxliyə edilməsi tapşırıqları icra edilərək tələbələrə faydalı praktik məşğələlər keçirilib.
Axşam saatlarında iştirakçılar məşqçi-müəllimlərin və idmançıların müşaiyəti ilə stolüstü tennis yarışlarında, futbol, voleybol və basketbol üzrə müxtəlif turnirlərdə iştirak ediblər.
Tələbələr dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək və sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq məqsədilə Yashil Company-nin rəhbəri Gülsarə Qasımovanın iştirakı ilə hər gün Zuğulba çimərliyində təmizlik aksiyasına qoşulub.
Həmçinin tələbələrin asudə vaxtlarının daha səmərəli və produktiv keçirilməsi məqsədilə “Nə? Harada? Nə zaman?” və “Brain-ring” formatlarında oyunlar, musiqili proqramlar da təşkil edilib.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur