“Fantastik dördlük“ adlı məktəbli qızlar üçün təhsil proqramı layihəsi keçiriləcək

“Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı “Fantastik dördlük“ adlı 13-18 yaşlı məktəbli qızlar üçün təhsil proqramı layihəsinin icrasına başlayır. “Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi” ilə tərəfdaşlıq şəraitində həyata keçiriləcək layihə cari ilin dekabr və növbəti ilin fevral aylarını əhatə edəcək. Layihənin məqsədi nədir? Layihə seçilmiş 4 rayonda - Biləsuvar, Masallı, Lənkəran və Lerikdə 13-18 yaş aralığında olan məktəbli qızlara müxtəlif təlim sessiyaları təşkil etməklə onlarda elmə, təhsilə maraq yaratmaq, həmçinin gələcəyin ixtisasları, xaricdə təhsil, texniki və mühəndislik sahəsində biliklərini artırmaqla gənc qızların təhsilli olması, onları gələcək həyatlarında təhsilin əhəmiyyəti haqqında maarifləndirməkdir. Maarifləndirmə prosesinə qızların valideynlərinin də cəlb olunması nəzərdə tutulur. Layihə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilir. Layihə haqqında: Layihə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə seçilmiş 4 rayonda informasiya texnoloqiyaları, sahibkarlıq, marketinq, şəxsi inkişaf və karyera seçimi, xaricdə təhsil, vaxtın idarə olunması, gender bərabərliyi, psixologiya və hüquqi istiqamətdə canlı təlimlər təşkil ediləcək. Layihənin ikinci mərhələsi bütün ölkəni əhatə edəcək və onlayn formatda olacaq. İkinci mərhələdə iştirak etmək istəyən məktəbli qızlar “Mən kim olmaq istəyirəm?!” mövzusunda inşa yazaraq layihəyə qatılmalıdır. İnşalar münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək. İnşaları seçilmiş şagirdlər üçün üç həftə ərzində Azərbaycan Gənc Müəllimlər Assosiyasının mentorları və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər tərəfindən ikinci tura hazırlıq, təqdimat mövzularının seçimi, təqdimat bacarıqlarının aşılanması mövzularında təlimlər keçiriləcək. İkinci turda öz təqdimatları ilə çıxış edən məktəbli qızlardan ibarət komandalar 6 kateqoriya üzrə mükafatlandırılacaqlar: (I yer, II yer, III yer, ən yaxşı təqdimat, ən yaxşı çıxış və ən yaxşı layihə). Layihədə kimlər iştirak edə bilər və necə qoşulmaq olar? Layihə seçilmiş regionlar üzrə 6-11-ci siniflərdə təhsil alan qızlar və onların valideynləri üçün nəzərdə tutulmuşdur. Qeyd: 2021-ci tədris ilində artıq 11-ci sinfi bitirmək üzrə olan şagirdlər də layihəyə müraciət edə bilər. Layihənin əhatə etdiyi regionlar: Lənkəran, Lerik, Biləsuvar, Masallı Qeydiyyat üçün link:https://docs.google.com/.../1eqE9yh9DncnwroB.../edit Qeydiyyat üçün son tarix: 17 dekabr (saat 00:00), 2021 Keçirilmə müddəti: 17 Dekabr, 2021 – 10 Fevral, 2022 Uğurlu namizədlər növbəti mərhələ haqqında məlumatı e-mail və ya telefon zəngi ilə əldə edəcəklər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az