“İrəli” gəncləri Müzəffər Ali Baş Komandana təbrik məktubu ünvanlayıb

“İrəli” gəncləri Müzəffər Ali Baş Komandana təbrik məktubu ünvanlayıb 2008-ci il 24 dekabr tarixində cənab Prezident İlham Əliyevin doğum günündə təsis olunan “İrəli” İctimai Birliyi dekabrın 22-də 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan hesabat konfransı keçirib. Konfrans başlamazdan öncə təşkilatın rəhbərliyi, idarə heyətinin üzvləri və “İrəli” gəncləri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər. Tədbir torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin və ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Konfransda rəsmi şəxslər, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri, həmçinin Birliyin üzvləri iştirak ediblər. Konfransda Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının anadan olmasının 60-cı ildönümü münasibətilə “İrəli” İctimai Birliyi tərəfindən Müzəffər Ali Baş Komandana təbrik məktubu oxunub. Məktubda qeyd olunub: “Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə yüksək vətənpərvərlik ruhunda yetişən gənclər Ali Baş Komandan kimi Sizin rəşadət və qətiyyətinizə arxalanaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək, qazi və şəhidlik adını özlərinə şərəf bildilər. “İrəli” İctimai Birliyi olaraq, bütün Azərbaycan gəncləri adından bəyan edirik ki, həmişə olduğu kimi, azad edilmiş torpaqların bərpası prosesində də Sizin ətrafınızda sıx birləşmişik və gələcək zəfərlərə gedən yolda əmrinizə müntəzirik”. Daha sonra “İrəli” İctimai Birliyinin cari ildəki fəaliyyətinə dair təqdimat konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Hesabat məruzəsi ilə çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı 2021-ci ilin təşkilat üçün əvvəlki illərlə müqayisədə kifayət qədər məhsuldar il olduğunu, Birliyin təsis olunmasının 13-cü ildönümündə 16 genişmiqyaslı layihənin icrasının uğurla başa çatdırıldığını bildirib. Qeyd olunub ki, həyata keçirilmiş layihələr çərçivəsində 13236 nəfərin müraciətinə baxılıb, 7000-ə yaxın gənc layihələrdə iştirak hüququ qazanıb, 15 gəncin beynəlxalq layihələrə çıxışı təmin olunub. Əlamətdar günləri də əhatə edən 27 tədbir keçirilib, ümumilikdə 1300-dən çox gənc görüşlərdən yararlanıb. Fəaliyyətinin daha geniş auditoriyaya çatması məqsədilə Birliyin mətbuat orqanları ilə də sıx əməkdaşlıq etdiyini qeyd edən “İrəli” sədri təşkilatın hər zaman dövlət gənclər siyasətinin müddəalarını rəhbər tutduğunu və fəaliyyətini bu istiqamətdə qurduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, dövlət başçısının gənclərə inam və etimadından ilhamlanaraq Birliyin daha böyük əzmlə çalışacağı və əlindən gələn töhfəni əsirgəməyəcəyini vurğulayıb. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva fəaliyyətinin 13-cü ildönümü münasibətilə “İrəli” İctimai Birliyinin kollektivini təbrik edib, təşkilatın ölkəmizdə gənclərin Vətənə sadiq ruhda yetişməsi, onların hərtərəfli inkişafı məqsədi ilə keçirdiyi layihələrin əhəmiyyətini qeyd edib. Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışı zamanı “İrəli” İctimai Birliyinin ölkənin və regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri kimi faəliyyətini uğurla davam etdirdiyini, əsas istiqaməti vətənpərvərlik olan təşkilat üzvlərinin Vətən müharibəsi zamanı istər ön, istərsə də arxa cəbhədə fərqləndiklərini bildirib. Konfransın yekununda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurumlar təltif olunublar.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az