YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın Xalq rəssamı Mir Nadir Zeynalovun "Mistik ruhun ömrü" adlı retrospektiv sərgisini təqdim edir. XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mir Nadir Zeynalovun Qalereyasının kolleksiyasından, həmçinin Səyavuş Əlizadə və İlal Əhmədovun şəxsi kolleksiyalarından 60-dan artıq əsərlər nümayiş olunacaq.
Bu layihə bir neçə ay əvvəl əbədiyyətə qovuşan rəssamın anadan olmasının 80 illiyinə həsr olunur. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır.
Şirin Məlikovanın fikrincə, sərginin əsas ideyası tamaşaçını Mir Nadir Zeynalovun əsərlərinin yaradıldığı ab-havaya qərq etmək və seyrçiyə fiqurativlik və abstraksiya arasında tarazlıq yaradan rəssamın yaradıcılıq həyatının ritmini hiss etdirməkdir. Bununla da rəssamla seyrçi arasında "ünsiyyətə" nail olaraq, sənətkarın mistik ruhunun ölməzliyini vurğulamaqdır.
Sərgi məkanı rəssamın yaradıcılığının müxtəlif tərəflərini iri planda əks etdirərək, bir neçə tematik zallara bölünür. Abstrakt rəngkarlıq zalı rəssamın rəng ustalığını diqqətə çəkərək, bütün incəlikləri ilə əks etdirir. Bu ekspozisiyanı kollajlar zalı məntiqi şəkildə davam etdirir: rəssam klassik kətan əsərlərini müxtəlif materiallarla zənginləşdirməyi və bütün bunları nəhəng, monumental formatda birləşdirməyi sevirdi.
Fiqurativ rəngkarlıq zalı öz mövzusuna görə bir qədər məhrəmani və ailəvi xarakter daşıyır: burada Mir Nadir Zeynalova yaxın olan insanların onun tərəfindən müxtəlif illərdə çəkilmiş portretləri ilə yanaşı, rəssamın öz avtoportretləri də nümayiş etdirilir.
Mənzərələr zalını, Mir Nadir Zeynalovun kiçik vətəni, Yer üzündə onun təkcə təsviri sənət deyil, həm də poeziya yaradıcılığını qidalandıran məkanının – Abşeronun himni adlandırmaq olar.
"Ömür yolu" adlanan zal isə çeşidli rənglərə boyanaraq rəssamın qəlbinə sahib çıxan mistik ruhu əks etdirir. Qrafika zalında tamaşaçıların diqqətinə unikal əsərlər təqdim olunur. Mir Nadir Zeynalov adətən yaradıcılığının bu hissəsinə çox da ciddi yanaşmayıb və bu monoxrom, minimalist əsərlər rəssamın yaşadığı dövrdə çoxsaylı sərgilərində demək olar ki, nümayiş etdirilməyib. Buna baxmayaraq, rəssam bu əsərlərdə virtuozcasına bir-iki cizgi ilə xüsusi bir əhval-ruhiyyə yarada bilmişdir.
Sərgi zallarında, həmçinin Mir Nadir Zeynalovun əsərlərinin ideyalarını tamamlayan, daha yaxşı qavranılmasına kömək edən şeirlərindən parçalar da yer alır.
Sərgi zallarının birində rəssamın ölümündən bir neçə ay əvvəl onun haqqında ərsəyə gələn film təqdim olunur. "Sənətkarın həyatında bir gün" formatında qurulan, film-monoloq janrında çəkilmiş bu sənədli film Şirin Məlikovanın təşəbbüsü və "Bakı Abadlıq Xidməti" ASC-nin maliyyə dəstəyi ilə rejissor Mübariz Nağıyev tərəfindən lentə alınmışdır.
Rəssam haqqında materialları onun öz şeirlərini oxuduğu səs yazıları (sərgi zalındakı vintaj telefonun dəstəyini qaldıraraq dinləmək mümkündür) və onun şəxsi arxivindən seçilmiş fotoşəkillər tamamlayır. Bununla yanaşı, sərgidə Mir Nadir Zeynalovun musiqi alətlərdən ibarət şəxsi kolleksiyası da nümayiş olunur: rəssam bu musiqi alətlərini sadəcə toplamır, həm də onlarda ifa edib, musiqi bəstələyirdi.
Rəssam haqqında:
Mir Nadir Zeynalov (1942, Bakı – 2021, Bakı) Abşeron rəngkarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olub, doğma yurdun incəsənət tarixində parlaq iz qoymuşdur. Rəssamın çoxşaxəli mövzu və texniki ifadə baxımından rəngarəngliyi ilə seçilən yaradıcılıq irsi musiqi və poeziya, eləcə də dərin fəlsəfi əqidələrlə zəngindir. Mir Nadir Zeynalovun əsərləri XX-XXI əsrlər Azərbaycan rəngkarlığı xəzinəsinə daxil olmuşdur. O, 1963-сü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Moskva Poliqrafiya İnstitutunun "Bədii qrafika" fakültəsini bitirmişdir. Mir Nadir Zeynalov postsovet məkanında Azərbaycan incəsənətinin ən görkəmli rəssamlarından biri sayılır. O, 1976-cı ildə Moskvada keçirilən Ümumittifaq sərgidə SSRİ Rəssamlıq Akademiyasının diplomu ilə, 1989-cu ildə isə Bakıda keçirilən Xəzəryanı Respublikaların Biennalesində "Bahar bağı" əsərinə görə bürünc medalla təltif olunub. 1992-ci ildə Azərbaycanın Əməkdar rəssamı, 2006-cı ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.
Mir Nadir Zeynalov çoxsaylı qrup sərgilərində, o cümlədən: "Öz adanı kəşf et" (XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Bakı, 2020); "Fly to Baku. Azərbaycanın müasir incəsənəti" (Bakı, Vyana, Roma, Moskva, Berlin, Paris, London, 2012-2013); "Azərbaycan rəssamları" (Berlin, Almaniya, 1993; Los-Anceles, ABŞ, 1993; Hyuston, ABŞ, 1989); Ümumittifaq rəngkarlıq sərgisi (Mərkəzi Rəssam Evi, Moskva, 1988); "Azərbaycan ədəbiyyatı və incəsənəti dekadası" (Rəssamlar İttifaqının zalı, Kiyev, Ukrayna, 1977) və s. sərgilərdə iştirak etmişdir.
Sənətkarın fərdi sərgiləri Azərbaycanda və xaricdə məşhur zallarda keçirilmişdir, o cümlədən: rəssamın 75 illiyinə həsr olunmuş yubiley sərgisi (Muzey Mərkəzinin Sərgi Qalereyası, Bakı, 2017); Bakı Müasir İncəsənət Muzeyi (Bakı, 2012); Muzey Mərkəzinin Sərgi Qalereyası (Bakı, 2007); A.N. Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyi (Rusiya, 1990); Mərkəzi Rəssam Evi (Moskva, 1990).
Mir Nadir Zeynalovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Bakı Müasir İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Rəssamlar İttifaqında, Dövlət Tretyakov Qalereyasında (Moskva), A.N. Radişev adına Saratov Dövlət Rəssamlıq Muzeyində və müxtəlif ölkələrin şəxsi kolleksiyalarında saxlanılır.
XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi haqqında
Heydər Əliyev Fondu tərəfindən yaradılmış, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşən XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinin açılışı 2015-ci ilin iyun ayında baş tutub. 26 may 2018-ci il tarixində isə YARAT Müasir İncəsənət Məkanı, bu muzeydə "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" adlı ilk sərgini təqdim etdi. Ekspozisiyaya ümumilikdə Azərbaycan mədəniyyətinin qızıl fondunu təşkil edən 23 tanınmış Azərbaycan rəssamının əsərləri daxil edilmişdi. İncəsənət sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislər, kuratorlar və rəssamlar ilə müntəzəm görüşlər sayəsində sərgiyə gələn ziyarətçilər muzeydə təqdim edilən sənətkarların həyat yolları və yaradıcılıqları haqqında daha geniş məlumat almaq imkanını əldə etdilər.
Tanınmış rəssamların rəhbərliyi altında həm uşaqlar "Little YARAT", həm də böyüklər üçün "Özünü kəşf et" keçirilən ustad dərsləri, iştirakçılara öz yaradıcılıq potensiallarını üzə çıxarmağa və təsviri incəsənətin əsaslarını mənimsəməyə kömək etdi. Muzeyin zallarında isə klassikadan roka qədər ən müxtəlif janrlar və istiqamətlərdə musiqi tədbirləri keçirildi. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.
Sərgi: Mir Nadir Zeynalov: “Mistik ruhun ömrü”
Sərginin müddəti: 17 noyabr, 2021 – 3 aprel, 2022
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (Bayıl, Dövlət Bayrağı Meydanı)
Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, saat 12:00 – 20:00
Giriş sərbəstdir
*Pandemiya ilə əlaqədar olaraq sərgi məkanına giriş məhdudlaşdırılıb
Media və təsvir sorğuları üçün:
Hökümə KərimovaE-poçt: [email protected]
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur