reklam

Keyfiyyətli müəllim yoxsa keyfiyyətli sistem?

Dünyanın ən yaxşı müəllimləri ilə tanınan təhsil sistemləri müəllimləri necə yetişdirir?

 

Bu yazıda dünyanın fərqli, lakin adları tez-tez nəticələrinə görə ən yüksək mövqelərində qərarlaşan iki ölkəsində müəllimlərin necə hazırlanmasından bəhs edəcəyik .

Finlandiya

Dünyanın ən xoşbəxt əhalisinə sahib olmaqla yanaşı, həm də ən keyfiyyətli müəllimləri ilə adı dillərə dastan olan Finlandiya. Maraqlı olan odur ki, Finlandiya şagirdləri sinifdə ən az vaxt keçirmələrinə (dərs saat 8-9-da başlayır və hər 45 dəqiqədən bir 15 dəqiqəlik fasilə olur) rəğmən, oxu, riyaziyyat və elm sahələrində dünyanın ən yüksək nəticələrini göstərənləri arasındadırlar. Şagirdlər 7 yaşından məktəbə başlayırlar.

Bu ölkənin müəllimlərini və təhsilini məşhur edən bəs nədir? Əvvəla onunla başlayaq ki, müəllimlik ölkədə ən prestijli və hörmət edilən sahələrdəndir və bu sahədə iş tapmaq üçün tələbələr arasında hər il gərgin rəqabət olur. Müəllim olaraq işləmək üçün həm yüksək akademik göstəricilər, həm xüsusi bacarıqlar, həm də müəllimlik sənətinə bağlılıq tələb olunur. 

Müəllimlərin professional yetişdirilməsi isə elə universitet dövründən möhkəm strukturlaşdırılmış formada başlayır. Məktəblərlə sıx əlaqləli qurulan pedaqoji təhsil əsasən araşdırma əsaslıdır və müəllimləri üç istiqmətdə davamlı professional inkişaf üçün hazırlayır: akademik baza, pedaqogika və bələdçili pedaqoji təcrübə. Müəllimlərin pedaqoji təhsilinin kontenti davamlı olaraq dəyişilir və inkişaf etdirilir. Yəni, 50 il bundan əvvəl yazılmış, vərəqləri saralmış kitabları əsas dərs vəsaiti kimi görə bilməzsiniz.

Öyrənmə prosesi məktəbdə də davam edir: müəllimlərə performanslarına görə rəy bildirilir və müəllimlər həm də şəxsi performansılarını özləri qiymətləndirirlər. Nəticə müzakirə edilir və təkmilləşdirilməsi üçün onlara dəstək verilir. Əlavə olaraq, təhsilverənlər tədris zamanı fərqli metodlardan istifadəyə həvəsləndirilir. Bütün bunlar, təhsilverənə qorxmadan yeni yanaşmaları sınaqdan keçirməyə imkan verir. 

Finlandiya haqqında son olaraq qeyd edək ki, Finlandiya Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən aparılan sorğuda müəllimlərin 90%-i işlərindən razı olduqlarını, 92% isə işlərinin müsbət tərəflərinin mənfi tərəflərindən çox oduğunu bilidiriblər.

Sinqapur

5 milyondan bir qədər çox əhalisi ilə dünyanın bütün diqqətini sürətli inkişafına cəlb edən ölkənin çiçəklənməsinin əsas səbəbi təhsilə ayırdığı əsaslı sərmayədir. Güclü mərkəzləşmiş təhsil sisteminə malik ölkədə müəllimlik ixtisasına yalnız məktəbi ən yüksək göstəricilərlə bitirmiş şagirdlər qəbul olunur. Akademik nəticələrlə yanaşı, namizədlərin bu peşəyə nə dərəcədə həvəsli olmaları da vacib göstəricilərdəndir. Univerisitetə qəbul olunmuş tələbələrin tədrisə tam fokuslanmalarını təmin etmək üçün onlara müəllimlik maaşının 60%-i qədərində aylıq stipendiya ayrılır. Müəllimlərin yetişdirilməsi zamanı institut və məktəblər sıx əlaqədə olur ki, akademik təhsillə praktiki təcrübənin paralel aparılması müəllimlik ixtisasının tələbələrinə möhkəm baza verir. 

Məktəb dövrü davamlı professional inkişaf üçün əla mühit yaradır. Hər yeni müəllim üçün bir ustad müəllim təyin olunur ki, yeni gələn müəllimin mühitə tam uyğunlaşması və günlük təcrübələrini bölüşüb dəstək alması üçün önəm daşıyır. Hər bir yeni başlamış müəllim bir neçə il müddətində illik 100 saata qədər professional inkişaf proqramında keçməlidir. Müəllimlərin professional inkişafı institutda təşkil olunmuş kurslar, daha çox isə məktəbdə təhsil verənlərin inkişafına məsul olan məktəb heyəti tərəfindən həyata keçirilir. Hər bir məktəbin xüsusi büdcəsi olur ki, həmin büdcə müəllimlərin inkişafına və xaric təcrübəsini öyrənmələri üçün başqa ölkələrə getmələri üçün ayrılır. Məktəbə verdikləri töhfədən asılı olaraq müəllimlər, maaşdan əlavə illik bonus da alırlar. 

Üç il müddətində dərs keçdikdən sonra müəllimlər 3 fərqli istiqamətdə kariyeralarını davam etdirə bilirlər: ustad müəllim, kurrikulum və ya araşdırma üzrə mütəxəssis, məktəb rəhbəri.  Müəllimlər müvafiq yoxlamalardan keçdikdən sonra bu sahələrdən birinə yönəlirlər və yenidən inkişafları üçün davamlı təlimlər alırlar. Müəllimlərin kariyerada inkişaf imkanlarının yaradılması bu sistemin ən sevdiyim tərəflərindəndir.

Hər iki sistemi ümumiləşdirsək, ölkə olaraq şagirdlər üçün Finlandiya daha rahat, Sinqapur isə daha sərt və rəqabətcil mühit yaradaraq təhsildə uğur əldə edirlər.

Oxşar cəhətlərinə gəldikdə isə, onları aşağıdakı kimi ümumiləşdirmək olar:

1. Müəllimlik ixtisasında təhsil almaq istəyən tələbələr xüsusi titizliklə seçilir: akademik göstəricilər, öyrənmə bacarıqları, həmçinin müəllimlik sahəsinə olan motivasiya önəmlidir.

2. Müəllimlər davamlı öyrənir və bu yolda onlara məktəb və digər müəllimlər dəstək olur.

3. Müəllimlərin maaşı bir sıra ixtisaslarla müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəkdir.

4. Müəllimlik cəmiyyətdə hörmət olunan və prestijli sahə hesab olunur.

 

Bu dörd məqamın ölkəmizdə olan vəziyyətinə diqqət yetirək.

1. Müəllimlik ixtisasına ölkəmizdə, daha çox digər fənlərə balı çatmayan tələbələr gəlir və onlar da magistraturada MBA və ya digər sahələri seçərək ixtisaslarını dəyişirlər. Bu, ən azından mənim təhsil aldığım 2011-2015-ci illərdə belə idi.

2. Müəllimlər son dövrlərdə biliklərini artırmağa başlayıblar. Ölkəmizdə xaric təcrübəsinin öyrənilməsi üçün başqa ölkələrə dövlət xətti ilə gedən direktor və müəllimlər də var. Lakin bir sıra müəllimlər bunu şəxsi hesablarına edirlər və öyrənmələrində davamlılığın təmin olunub-olunmaması sual altındadır: əldə olumuş yenilik nə dərəcədə məktəbdə tətbiq olunur və ya buna nə dərəcədə şərait yaradılır? 

3. Müəllimlərin maaşlarında son illərdə bir qədər artım müşahidə olunub və ölkə standardlarında məqbul sayıla bilər. Lakin, əgər müəllimdən bütün şagirdlərə individual yanaşma, xüsusi diqqət tələb edən tələbələrə xüsusi qayğı, valideynlərlə ünsiyyət, davamlı olaraq məktəbin iclaslarında və digər məsələlərində iştirak, inkluzivlik və əlavə olaraq da saysız-hesabsız vərəqlərin doldurmalarını istəyiriksə, və bütün bu işləri peşəkar yerinə yetirmələrini gözləyiriksə,verilən maaşın kifayət edib-etmədiyini təkrar müzakirə etmək olar.

4. Müəllimliyin maaş tərəfdən cəlbedici olmaması və stresin çoxluğu bu peşəni uzun müddət nüfuzlu peşələrin siyahısından kənarda qoyub. Ölkəmizdə hər il minlərlə tələbə müəllimlik ixtisasını tamamlayır, lakin zənnimcə bu, sahəyə olan marağın göstəricisi hesab oluna bilməz: mentalitet, başqa ixtisaslar haqqında məlumatsızlıq, qəbul balının aşağı olması da səbəblər sırasında ola bilər. Bundan əlavə ümumi mənzərə budur ki, tələbə mərkəzli tədrisin bir sıra hallarda yanlış anlaşılması, valideynlərin öz övladlarının tədrisində rollarının getdikcə artması və bundan bir sıra hallarda sui-istifadə etməsi müəllimlərin bir hissəsini öz sahəsindən soyuda bilir. 

Son olaraq qeyd edim ki, təhsildə irəliləyiş əldə etmək istəyiriksə, dəyişiklikləri sistemli şəkildə etmək daha məsləhətlidir. Sadəcə müəllimlərə nə etmələrini demək və yeniliklərlə yükləmək məsələni həll etmir, xüsusən də nəzərə alanda ki, sinfin qapısı örtüldükdən sonra müəllimlərin bir çoxu yeni öyrəndiklərindən daha çox, illərlə tətbiq etdikləri eyni metodlarla işləyirlər (böyük ehtimal). Bundan əlavə, hesab edirəm ki, müəllimlərə nə etməli olduqlarını deməkdən çox dəstək verilməsi daha uyğun olardı. Bu dəstək, müəllimlərin qarşılıqlı əməkdaşlığı, məktəbin idarəedici heyəti və ya kənardan konsultasiya ilə həll oluna bilər.

Əminət Diqanayeva

Təhsil Məsləhətçisi

 

Macarıstanın Eotvos Lorand Universitetində (ELTE - Eötvös Lorand University) doktorant (PhD)

 

İzlə : Professional öyrənmə qrupları | Əminət Diqanayeva

 Müəllim vətəndaş formalaşdırılmasında fəal iştirakçı kimi | Əminət Diqanayeva

 


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az