"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə çərçivəsində Bakı şəhərində ikinci tədbirini keçirib.
Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü geniş çıxış edib və təmsil etdiyi QHT-nin fəaliyyətindən, onun milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, multikulturalizmin təbliği istiqamətində gördüyü işlərdən danışıb. O, Azərbaycandakı multikultural həyat, cəmiyyətdə dini-etnik harmoniya barəsində fikirlərini ətraflı şəkildə tədbir iştirakçıları ilə bölüşüb. M.Göyüşlü ölkəmizdə dini və etnik zəmində heç bir problem olmadığını, lakin kənar müdaxilələr nəticəsində bunu pozmağa çalışan qüvvələrin mövcudluğunu xatırladıb. Çıxışçı, pozucu qüvvələrə qarşı yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin mübarizə aparmalı olduğunu deyib. M.Göyüşlünün sözlərinə görə Azərbaycan insanının dinə, milli məsələlərə münasibəti aydın və dəqiqdir. “Kimlərsə kənardan ekstremist fikirlərini bizə din adı altında təlqin etməyə çalışmasınlar, buna nail ola bilməyəcəklər” deyən M.Göyüşlü Azərbaycanın multikulturalizm modelinin dünyaya da örnək ola biləcəyini vurğulayıb. Çıxışçı Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində təbliğ və inkişaf etdirilməsi haqqında fikirlərini bölüşüb.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, ictimai fəal Anar Salehoğlu ölkəmizdəki dini və etnik münasibətlərin tarixi haqqında fikirlərini bölüşüb. O, tarixi faktlara istinad edərək xalqımızın milli-azadlıq, dövlətçilik, dövlət quruculuğu istiqamətində həyata keçirdiyi çalışmalardan bəhs edib. A.Salehoğlu müasir dövrdə ölkəmizdə multikultural vəziyyətdən, dövlət səviyyəsində bu istiqamətdə görülən işlrin nəticələrindən də danışıb.
Tədbirdə Müstəqil Mətbuat Mərkəzinin sədri, politoloq Elçin Xalidbəyli ilə yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı Dövlət Universitetinin tələbələri də iştirak və çıxış ediblər. Tədbirdə səslənən önəmli təklif və tövsiyyələr qeyd edilib və aidiyyatı qurumlara çatdırılması qərarlaşdırılıb.
Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə iki aylıq müddəti əhatə edir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur