20 İyun 16:44

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanıb.

Qeydiyyat ümumilikdə iyunun 20-dən iyulun 3-dək davam edəcəkdir. Bədən tərbiyəsi və idman istiqamətinin 60, 61, 62-ci, təsviri sənət istiqamətinin 14-cü (dizayn) komissiyaları üzrə qeydiyyat 28 iyunda başa çatacaqdır. Göstərilən komissiyalarla yanaşı digər komissiyaların da qeydiyyatından keçmək istəyən abituriyentlər öz seçimlərini iyunun 28-nə kimi təsdiqləməlidirlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının 2 istiqaməti və ümumilikdə 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş linkdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) olacaq.

Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 bal, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə isə 40 bal toplayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Qabiliyyət imtahanları iyulun 2-dən avqustun 2-dək keçiriləcəkdir. Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcəkdir. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilmişdir.

Tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilmişdir.

I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qeydiyyat 8-13 iyul tarixlərində aparılacaq, qabiliyyət imtahanları isə 19-23 iyul tarixlərində keçiriləcəkdir.

Azərbaycan İlahiyyat İnstitutunun III ixtisas qrupuna aid olan islamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı 20-24 iyul tarixlərində aparılacaq, qabiliyyət imtahanları isə 27 iyul-2 avqust tarixlərində keçiriləcəkdir.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat 8-16 iyul tarixlərində aparılacaq, qabiliyyət imtahanları isə 18-22 iyul tarixlərində keçiriləcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)