ABŞ səfirliyi 2021-2023-cü illər üçün GIPA jurnalistika magistr proqramına ərizə qəbulunu uzadıb

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) Azərbaycandan olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına ərizə qəbulunu iyunun 10-na kimi uzadıb.

Bu barədə AZƏRTAC-a səfirlikdən bildirilib. Proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı və Gürcüstandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan beş tələbə bu proqramda iştirak etmək üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2021-2023-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr, 2021- dekabr, 2022) Tbilisi şəhərində GIPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2023 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2023-cü ilin iyul ayında diplom işlərini müdafiə etmək üçün onlar yenidən GIPA-ya qayıdacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlı jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GIPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Çap, onlayn və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə diqqət ayrılacaq.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

ABŞ-ın ölkəmizdəki səfirliyi tələbələrin tədris və yaşayış xərclərini maliyyələşdirəcək.

Qaliblər, bu ilin avqust ayında birgə Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək. Sənədlər 2021-ci il iyunun 10-dək qəbul olunacaq.

Əlavə məlumat üçün əlaqə:

Mehdi Hüseynquluyev, GİPA proqramının yerli koordinatoru

E-mail: [email protected]

[email protected]

və ya

Gürcüstanın İctimai Əlaqələr İnstitutunun nəzdində Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi

Ünvan: Brosse küç. 2, Tbilisi, Gürcüstan

E-mail: [email protected]

Sənədləri Mehdi Hüseynquluyevin elektron ünvanlarına göndərə və ya ABŞ səfirliyinə təhvil vermək olar (ünvan: Azadlıq prospekti 111).

GIPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması

2. Tövsiyə məktubları

3. Təhsil məqsədləri haqqında bəyanat

4. Diplomların surəti

5. Diplom əlavələri

6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

GİPA Jurnalistika üzrə magistr proqramının ərizə formasının linki:

https://drive.google.com/file/d/1LbG4xgC2aNNrv1axgjy7O-nvF4N-Kb9h/view?usp=sharing

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai Əlaqələr İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək göstərmək üçün yüksəkixtisaslı ictimai qulluqçu və jurnalistlər yetişdirən institutdur.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məktəbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Məktəbin açıldığı vaxtdan bəri 155-ə yaxın məzun ingilisdilli regional proqramı bitirərək jurnalistika və media idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışırlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir