reklam

"Gənc Müəllim Danışır" rubrikası

"Gənc Müəllim Danışır" rubrikamızın növbəti qonağı Əfsanə Qafarovadır.
Mən – Qafarova Əfsanə Abgül qızı 1995-ci il avqust ayının 26-da Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuşam. 2001-ci ildə Abşeron rayonu Q.Xalıqov adına Qobu 1 saylı orta məktəbində təhsil almağa başlamış, 2012-ci ildə həmin məktəbi bitirmişəm. Elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin İbtidai sinif müəllimliyi ixtisasına daxil olmuşam. 2016-cı ildə pedaqoji təcrübə zamanı dərslərin nümunəvi təşkilinə görə Fəxri Fərmanla təltif edilmişəm. 2016-cı ildə Müəllimlərin İşə Qəbulu imtahanında 49 bal toplayaraq müddətli müqavilə ilə Abşeron rayonu Qobu qəsəbə 3 saylı tam orta məktəbə qəbul olmuş, 2019-cu ildə MİQ imtahanında yenidən iştirak edərək 53 bal toplayıb müddətsiz müqavilə ilə Abşeron rayonu Güzdək qəsəbə tam orta məktəbində pedaqoji fəaliyyətimə davam etmişəm.
Müəllimlik çətin və bir o qədər də şərəfli peşədir. Artıq 5 ildir ki, müəllim adına layiq olmaq üçün gecə-gündüz demədən çalışıram. Məqsədim yalnız şagirdlərimi akademik biliklərlə kifayətləndirməmək, həyati bacarıqlara yiyələnmələri üçün şərait yaratmaq, ən əsası vicdanlı vətəndaş yetişdirməkdir. Dövrün tələbinə uyğun olaraq “Öyrətmək üçün daim öyrənməliyik” prinsipini əsas tutaraq yenilik axtarışındayam. Təhsillə bağlı müxtəlif seminar və təlimlərdə - ixtisasartırma, İKT bacarıqları və s iştirak edib, təlim sonunda sertifikatla təltif edilmişəm. Təlimlərdə iştirakım hal-hazırda da davam edir. Şagirdlərimlə birlikdə e-Twinning layihələrində iştirak etmişəm.
Dərslərimi müasir təlim metodları ilə təşkil edirəm. Daha çox oyunlara üstünlük verirəm. Həm əylənirik , həm də öyrənirik. Çünki müasir dövrün uşaqları yenilik axtarışında olur. Rollu oyun, Ziqzaq, Beyin həmləsi, BİBÖ, Akvarium kimi iş üsullarından istifadə edirəm. Daha çox əyani vəsaitlərə üstünlük verirəm.
Hər bir dərsimə diqqətlə yanaşıram. Dərslərimi yaddaqalan etməyə çalışıram. Xüsusi olaraq şagirdlərimin "dərsimiz maraqlı idi nə tez bitdi?" suallarını tez-tez eşitmək doğru yolda addımladığımı göstərir.
Bəzən şagirdlər onların istedadlarına biganə yanaşıldığı üçün cəmiyyətdə özünə düzgün yer tapa bilmir. Sevmədiyi peşəyə yiyələnir. Şagirdlərimin daim istedadlarına uyğun yanaşmağa çalışıram. Onların müxtəlif dərnəklərə, yarışlara və tədbirlərə yönəldirəm. Bu zaman şagird dəstək gördüyü üçün öz istedadı ilə bərabər dərslərinə də biganə qalmır.
Şagirdlərim mənim üçün hər biri istedadlı və maraqlıdır. Bir neçəsini nümunə göstərə bilərəm ki, şagirdlərimdən biri çox gözəl şeirlər yazırdı və rayon üzrə şeir müsabiqəsinə qalib gəlmiş, yazdığı şeir qəzetdə çap olunmuşdur. Digər bir şagirdim 8 yaşı olmasına baxmayaraq, riyaziyyat və məntiq üzrə verilən bütün tapşırıqları sərbəst həll edirdi. Digər bir şagirdim isə yaşıdlarından tamamilə fərqlənirdi. Danışıq tərzi, idarəçilik qabiliyyəti və tam fərqli xarakteri ilə təkcə sinif daxilində deyil, digər müəllim həmkarlarım da həmin şagirdimin alicənablığından söhbət açardılar.
İşlədiyim təhsil müəssisəsində tək çətinliyim elektron resurslarla bağlı olub. Proyektor, elektron lövhə, internet kimi elektron resurslarınım az sayda olması dərslərimi qurmaqda bəzi çətinliklər yaradıb. Amma bunlara baxmayaraq açıq dərsimdə, əlamətdar günlərdə və digər dərslər zamanı elektron resurslardan istifadə etmişəm. Təklifim bütün məktəblərin sinif sayı qədər imkan daxilində elektron resurslarla təmin edilməsidir.
Şagirdləri yaşadıqları ərazilərə görə ayırmaq istəmirəm. Bütün uşaqlar ağ vərəq kimidir. Kənddə və ya şəhərdə yaşayan şagirdlərin istedad və bacarıqlarının üstün və ya zəif cəhətinin olduğunu heç kim deyə bilməz. Yaşayış şəraiti isə məqsədi olan insana mane ola bilməz. Üstün cəhəti şagird öz-özünə yaratmalıdır. Heç bir çətinliyi bəhanə etməməli, hədəfinə doğru inamla addımlamalıdır. Əlbəttə, bu yolda şagirdlərə yol göstərmək, düzgün istiqamətləndirmək biz müəllimlərə düşür.
Müəllimlik çətin və şərəfli peşədir. Müəllimlik çətin peşə olsa da sənətini sevirsənsə, bu çətinlik sənə mane ola bilməz. Şagirdin üzündəki kiçik bir təbəssüm bütün çətinlikləri unutdurur. Qələm tutmağı, hərfləri yazmağı öyrənməsi təkcə şagirdi deyil, bir o qədər də müəllimi sevindirir. Yeganə peşədir ki, müəllim şagirdlərini öz övladı kimi görür, əzizləyir, qayğı göstərir.
Gələcəkdə müəllim olmaq istəyən abituriyentlərə, şagirdlərə tövsiyə edirəm ki, bu peşəni seçirsinizsə, peşənizə layiq olmağa çalışın. Həvəs və maraq olmayan bir iş sizi xoşbəxt edə bilməz. Müəllim daim yenilik axtarışında olmalı, inkişafa meyilli olmalı və şagirdlərini bu istiqamətdə yönəltməlidir.
Sizdə müəllimlik hekayənizi, bu peşəni necə seçdiyinizi və müəllim olmağa necə qərar verdiyinizi bizimlə bölüşə bilərsiniz.
Qeydiyyatdan keçmək üçün link : https://ref.az/2r2ho8w

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az